Prezident İlham Əliyev Zaqatalada Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir - VIDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm sahə dövlət siyasətinin prioritetləri sırasındadır. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış, internetə qoşulmuşdur.
Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin ən yüksək standartlar səviyyəsində qurulmasıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi xüsusi qeyd edilməlidir. Fondun bu kompleks proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən təhsil müəssisələrindən biri də Zaqatala rayonunun Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbidir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.