Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Gürcüstanda beynəlxalq konfransda çıxış ediblər

alt

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, direktorun elmi işlər üzrə müavini Fərhad Əzizov və əməkdaşlardan bir qrupu Tbilisidə “Kənd təsərrüfatının davamlı inkişafı naminə ekoloji təmiz məhsullar istehsalının müasir texnologiyaları” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfrans Gürcüstanın Kənd Təsərrüfatı Akademiyasının təşkilatçılığı və Şota Rustaveli adına Milli Elm Fondunun maliyyə dəstəyi ilə keçirilib.

Tədbirdə azərbaycanlı alimlər “İpəkçilikdə flüoresent maddələrin tətbiqi ilə rəngli baramanın alınması”, “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin yerli armud (Pyrus communis L.) sortlarının tozcuqlarının tədqiqi”, “Azərbaycanın Şəki-Zaqatala zonasında yetişdirilən Amarant (Amaranthus L.) bitkisinin biomorfoloji xüsusiyyətləri” və “Azərbaycanın şimal-qərb bölgəsində kənd təsərrüfatının davamlı inkişafında ekoloji təmiz əkinçiliyin əhalinin məşğuliyyətində rolu və əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.