Qız atasına görə adam bıçaqladı

Paytaxtda və Gəncədə bıçaqlanma faktları qeydə alınıb. Balakəndə isə 23 yaşlı oğlanı bıçaqlayan qız tutulub.

Bakıda münaqişə bıçaqlanma ilə sona çatıb. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunan 44 yaşlı Azər Zeynalov həmyerlisi 36 yaşlı Elnur Göyüşova bıçaqla xəsarət yetirib. Aparılan əməliyyat tədbirləri nəticəsində Azər Zeynalov tutularaq istintaqa təhvil verilib.

Gəncədə də bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini 38 yaşlı Seymur Quliyev yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi zamanı ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və yaralı dərhal əməliyyat olunub. Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində olan xəstənin vəziyyəti orta-ağırdır.

Balakəndə isə 23 yaşlı oğlanı bıçaqlayan şəxs məsuliyyətə cəlb olunub. Rayonun Gərəkli kənd sakini, Vüsal Mustafayevin Qullar kənd sakini 19 yaşlı Xədicə Qarayeva tərəfindən bıçaqlandığı məlum olub. Şübhəli şəxs qismində saxlanılan Xədicə Qarayeva hadisəni törətdiyini etiraf edib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında Xədicə Qarayevanın yaşadığı evə gəlib və onun atası Nəsib Qarayevlə istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədi ilə Vüsal Mustafayevi bıçaqlayıb.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.