Qaxda ağır qəza baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

altYevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.


Qəza bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının 96-cı  km-də, Qax rayonunun Qorağan kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayonu istiqamətində hərəkətdə olan, Zərdab rayon sakini, 1978-ci il təvəllüdlü Hacızadə Kamal Əyyub oğlunun idarə etdiyi “Hyundai-Elantra” markalı, 63 BB 610 nişan dövlət nömrəli avtomobil idarəetməni itirərək yolun kənarındakı qoz ağacına çırpılıb.

Qəza zamanı avtomobildə yanğın baş verib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. 

Qəza nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1982-ci il təvəllüdlü İsmayılov Rauf Kamil oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

R. İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb, K. Hacızadə isə Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qax MRX-dan verilən məlumata görə, K. Hacızadənin vəziyyəti orta-stabil hesab edilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat və istintaq bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.