Tbilisidə Heydər Əliyevin anım mərasimi keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyevin adına olan parkındakı büstü önündə anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstadakı səfiri Azər Hüseyn, Milli Məclisin deputatları Hacı Rəcəbli, Rauf Əliyev, Gürcüstan parlamentinin deputatları, bu ölkədəki QHT-lərin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ucaldılan abidənin önünə əklil qoyub və ruhunu dərin ehtiramla yad ediblər. Bundan sonra Tbilisidəki M. F. Axundovun adına muzeydə tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Haci Rəcəbli,Rauf Əliyev,Gürcüstan Parlamentinin deputatları Azər Süleymanov,Mahir Dərziyev,Gürcüstan Prezidentinin müşaviri Quram Marxulia və digərləri çıxış ediblər.
Çıxışlarda Heydər Əliyevin keçdiyi ömür yolu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara göstərdiyi qayğıdan bəhs edilib. Qeyd olunub ki, Heydər Əliyev daim Gürcüstanda yaşayan soydaşlarımıza da diqqət göstərib. O, Azərbaycanın iştirakı ilə reallaşan bütün böyük layihələrin də məhz Gürcüstanı, bu ölkədə yaşayan soydaşlarımızı daim diqqətdə saxlayıb.
Hacı Rəcəbli Heydər Əliyevin Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələrinin dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb.
Sonda idea və ssenari müəllifi Azərbaycan Televiziyasının Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun ‘’Heydər Əliyev və Gürcüstan’’ filmi gürcü və Azərbaycan dilində nümayiş etdirilib.