Moskvada qətldə şübhəli bilinən azərbaycanlı saxlanıldı

altRusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda onun Moskva ətrafı vilayətdə saxlanıldığı bildirilib.

Rusiya Təhqiqat Komitəsi 1982-ci il təvəllüdlü Orxan Zeynalovun 10 ildən çox Rusiyada yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu və alkoqollu içkiyə meylli olduğunu bəyan edib.

Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib.