Zakir Həsənov: Üçtərəfli görüş Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın strateji səviyyədə olmasını təsdiq edir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanın müdafiə nazirinin, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. 

Bunu noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən üçüncü üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

Görüşün üç qardaş ölkənin dövlət başçılarının tapşırığı ilə təşkil olunduğunu bildirən nazir toplantıda regiondakı hərbi-siyasi vəziyyətin müzakirə edildiyini vurğulayaraq deyib: “Bu görüş üç qardaş ölkə arasında əməkdaşlığın strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi üç dövlətin regionda həyata keçirdiyi strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir”. 

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib, gələn il üçün tədbirlər planı təsdiqlənib. Tədbirdə dövlətlərin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının vacibliyi bir daha bəyan edilib. Üçtərəfli formatda hər üç ölkənin ordularının əməkdaşlığının inkişafının, hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. İqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması baxımından üçtərəfli komanda qərargah təlimlərinin davamlı təşkilinə dair fikir mübadiləsi aparılıb. Hazırda bu təlimlər Türkiyə ərazində keçirilir. İclasda növbəti üçtərəfli görüşün Türkiyənin təklifi əsasında bu ölkədə keçirilməsi qərara alınıb.