Tbilisidə şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarının sərgi-satışı keçirilir

Gürcüstan paytaxtı Tbilisi şəhərində, "Axundov Evi" İncəsənət Qalereyasında "Şərq nağılları" adlı sərgi-satış yarmarkası açılıb. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki,  sərgidə Tbilisi sakinlərinin şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş etdirilir.

Sərginin açılış mərasimində Azərbaycan, Türkiyə, İran, Fransa səfirliklərinin nümayəndələri, incəsənət adamları və kolleksiyaçılar iştirak edib.

Layihənin rəhbəri, rəssam Natella Tsiklauri bildirib ki, Azərbaycan xalçaları Tbilisidə yaşayan müxtəlif millətlərin nümayəndələrinin şəxsi kolleksiyalarına məxsusdur: "Sərgilənən 28 xalça arasında Qarabağ və Azərbaycanın digər bölgələrinə aid olan xalça nümunələri də var. Azərbaycan xalçaları təbii boyalarla rəngləndiyinə görə, onlar keyfiyyət xüsusiyyətlərini itirməyiblər".

N.Tsiklauri sərgilənən Azərbaycan xalçalarının XIX əsrin sonuna aid olduğunu qeyd edib: "xalçalar arasında ən qədimi olanı XIX əsrin sonuna aid olan Qarabağ xalçasıdır. Bu xalça eksponatlar arasında ən bahalısıdır. Onun qiyməti 7 min lari (2500 dollardan çox – red.) təşkil edir. Xalçaların satışından əldə olunacaq məbləğ onların sahiblərinə veriləcək".

"Axundov Evi" İncəsənət Qalereyasının direktoru Arçil Bejanişvili "Şərq nağılları" adı altında sərgilənən eksponatların maraqlı və orijinal olduğunu deyib: "Bu həftə sonu Tbilisidə "Tbilisoba" bayramı qeyd olunacaq. Ümid edirəm ki, "Şərq nağılları" sərgisi bayrama qatılacaq yerli sakinlər və əcnəbi qonaqlar tərəfindən də böyük maraqla qarşılanacaq".

"Şərq nağılları" sərgi-satış yarmarkasında həmçinin Qacarlar dövrünə aid rəsm əsərləri, vazlar, naxışlı minalanmış qablar, məşhur rəssamlar Rixard-Karl Zommer və Franz Rubonun şərq mövzusunda olan tabloları da təqdim olunub.

 

Sərgi oktyabrın 30-dək davam edəcək.