Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Bakı küçəsində "Azərbaycan payızı" festivalı keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Tbilisi sakrebulosunun majoritar deputatı Rima Beradze şəhərin Kiyev küçəsində keçirilmiş "Ukrayna baharı" festivalında çıxışı zamanı bildirib.

O deyib ki, şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində “Azərbaycan payızı” festivalı ilk dəfə təşkil olunacaq: "Tbilisi çox tolerant şəhərdir və əhalisinin 17%-ni milli azlıqlar təşkil edir. Buna görə də bu cür tədbirlərin böyük əhəmiyyəti var".

Kiyev küçəsində keçirilmiş "Ukrayna baharı" festivalı çərçivəsində müxtəlif mədəni tədbirlər təşkil olunub. Tədbir iştirakçıları Ukraynanın mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış olublar.  Festival 2016-cı ildən etibarən hər il keçirilir.