Gürcüstan parlamentində Azərbaycan teatrının məsələsi qaldırılıb

Gürcüstan parlamentinin növbədənkənar iclasında deputat Savalan Mirzəyev Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının vəziyyəti ilə bağlı məsələ qaldırıb.


APA-nın yerli bürosunun məlumatına görə, S. Mirzəyev mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadzeyə teatrla bağlı sual ünvanlayıb: “Bildiyiniz kimi, Tbilisidəki Azərbaycan teatrının əməkdaşları ağır şəraitdə işləməyə məcburdurlar. Mən teatrın inzibati binası və büdcənin az olmasını nəzərdə tuturam. Bu problemlərin aradan qaldırılması üçün konkret planlar varmı?”
 

S. Mirzəyev baş nazir Giorgi Kvirikaşviliyə milli azlıqlardan olan gəncləri dəstəklədiyinə görə təşəkkür edib. O, milli azlıqarı təmsil edən gənclər üçün həyata keçirilmiş dövlət qurumlarında təcrübə proqramının əhəmiyyətini vurğulayıb: “Bildiyiniz kimi, etnik azlıqları təmsil edən gənclərin dövlət idarələrində təcrübə keçməsi ilə bağlı pilot layihə həyata keçirilib. İmkandan istifadə edərək baş nazirə təcrübə proqramına dəstək verdiyinə görə təşəkkür edirəm”.


Parlamentdə müzakirələr davam etdirilir.