Azərbaycan Macarıstanda keçiriləcək “Kapoşvarın VII Damazlıq Günləri” sərgisində iştirak edəcək

alt

 

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı qəbul edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İ. Abasov dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlıq sahəsinin də dinamik inkişaf etdiyini qeyd edib.

Azərbaycanla Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfat sahəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir hər iki ölkənin aqrar sahədə böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün tərəflərin aidiyyəti qurumları arasında birbaşa təmasların sayının artırılmasının vacibliyini qeyd edib.

Səfir Jolt Çutora cari ilin avqustun 30-u və sentyabrın 1-də Macarıstanın Kapoşvar şəhərində keçiriləcək “Kapoşvarın VII Damazlıq Günləri” sərgisinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin bu tədbirdə təmsil olunmasını xahiş edib. İ. Abasov adıçəkilən tədbirdə kənd təsərrüfatı naziri, yaxud da nazir müavini səviyyəsində təmsil olunacağını vəd edib.

Daha sonra tərəflər arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.