Bakıda Gürcüstan foto günləri keçiriləcək

Mayın 26-dan 28-dək Bakıda “Nur Art House” qalereyasında Gürcüstan Fotoqrafları Assosiasiyasının iştirakı ilə (GFA ) “Gürcüstan foto günləri” keçiriləcək.

Foto günləri Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və “Nur Art House” qalereyasının dəstəyi ilə reallaşacaq. AFB-dən SİA-ya bildirilib ki, tədbir 26 may - Gürcüstan Respublikası və 28 may - Azərbaycan Respublikasının Müstəqilliyi günlərinə həsr olunur.
 
Tədbir günlərində Azərbaycan sənətsevərləri Gürcüstan fotosənəti ilə yaxından tanış olacaqlar. Eyni zamanda, 2016-cı il Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) rəhbərliyi ilə Gürcüstanda keçirilən beynəlxalq fotosalonun qaliblərinin əsərləri nümayiş olunacaq.
 
Həmçinin mayın 27-də ustad dərsləri təşkil ediləcək.