Azərbaycanlı gənc Tbilisidə Türkiyə incəsənətini tanıdır - FOTOLAR

Türkiyə Tbilisidə “Expo-Georgia” mərkəzində keçirilən 19-cu Beynəlxalq Qafqaz Turizm Sərgisində iştirak edir. Bu ilki sərgidə Türkiyənin iştirakı daha cəlbedici və maraqlıdır.

Dalga tv Xeber.ge-yə intinadla  xəbər verir ki,  Türkiyə sərgidə turizm potensialını tanıtmaqla yanaşı, zəngin mədəniyyət və incəsənət nümunələrini də təqdim edir. Ebru ustası Yılmaz Eneş və çini ustası Zərifə Məmmədovanın əl işləri ziyarətçilərdə böyük maraq yaradıb.

19-cu Beynəlxalq Turizm Sərgisində Azərbaycan şirkətləri təmsil olunmurdu. Lakin Azərbaycanlı xanım Zərifə Məmmədova Vətəni təmsil etmək missiyasını sanki öz üzərinə götürmüşdü. Müşahidələrim deməyə əsas verir ki, gənc və istedadlı Zərifə Məmmədova bu missiyanın öhdəsindən layiqincə gəldi. Onun zərif və zövqlü əl işləri sərgi ziyarətçilərini Türkiyə stendinə cəlb edirdi.

Ziyarətçilər çini sənəti ilə maraqlanıb bu sənətin incəlikləri barədə Zərifə Məmmədovaya suallarla müraciət edirdilər. Hətta sərgi ziyarətçiləri arasında olan türklər belə azərbaycanlı xanımın əl işlərinə heyranlığını ifadə edirdilər.

Zərifə Məmmədova ilə söhbətdə o bildirib ki, çini sənətinin incəliklərinə Türkiyədə yiyələnib. Bu sənətlə yanaşı o, ebru və katı sənətlərini də bilir. Türkiyə stendində sərgilənən onun katı sənətinə aid gözəl əsəri mənim kimi ziyarətçiləri də özünə məftun edə bilmişdi. Bu sənət növlərinə yiyələnmək  böyük səbr və məharət tələb edir.   

Zərifə Məmmədova hazırda Bakıda Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində uşaqlara və gənclərə çini sənətini öyrədir.

“Artıq yalnız Vətənimi deyil, qardaş Türkiyəni də beynəlxalq sərgidə təmsil edirəm. Sərgidə Türkiyənin böyük sənət adamları ilə ölkənin mədəniyyətini və turizmini təbliğ edirik. Bu böyük sənətçilər arasında tək gənc və Azərbaycanlı olmağımla qürur duyuram”, - Zərifə Məmmədova təəssüratlarını bölüşüb.

İstedadlı Azərbaycanlı xanıma fəaliyyətində yeni uğurlar arzu edirəm. Azərbaycanın Zərifə Məmmədova kimi fəal, istedadlı və məharətli gənclərini görmək çox sevindiricidir.

Zərifə xanım, biz də Sizinlə qürur duyuruq.