Giorqadze: “Gürcüstan-Azərbaycan mədəni əlaqələri getdikcə inkişaf edir”

"Azərbaycanla mədəni əlaqələrimiz, əməkdaşlığımız getdikcə inkişaf edir. Buna nümunə olaraq son illər musiqi kollektivlərimizin hər iki ölkəyə qarşılıqlı səfərlərini göstərmək olar”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze bildirib.

“Hazırda Tiflis Konservatoriyasının tələbələri Bakıda səfərdədir. Onlar Azərbaycan paytaxtında azərbaycanlı tələbələrlə birgə maraqlı proqramlarla çıxış edəcəklər. Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə tələbələrimizi yaxşı qarşıladıqları üçün minnətdarlığımı bildirirəm”, - deyə o vurğulayıb.

M. Giorqadze Azərbaycan Milli Konservatoriyasının tələbələrinin yaxın vaxtlarda Gürcüstana səfər edəcəyini bildirib: “Düşünürəm ki, azərbaycanlı tələbələrin Tiflisdə təqdim edəcəyi musiqi nömrələri gürcü ictimaiyyətinin xoşuna gələcək. Biz də çalışacağıq ki, onları lazımi qədər dəstəkləyək və konsert vermələri üçün şərait yaradaq”.