Tiflisdə "Dostluq" sərgisinin açılışı olub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Martın 7-də Gürcüstan Parlamentinin Milli Kitabxanasının sərgi zalında Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının birgə təşkilatçılığı ilə gürcü və Azərbaycan xalqının dostluğuna həsr olunmuş gürcü "Dostluq" adlı sərginin açılışı olub.

"Dalğa TV"nin məlumatına görə, sərgidə 36 rəssamın yağlı boya ilə çəkdiyi rəsm və əl işlərindən ibarət əsərləri, xalçaçılıq, heykəltaraşlıq nümunələri, gümüş və misdən döymə ilə hazırlanan müxtəlif rəsmlər, Pirosmaninin kitabları nümayiş olunub. Tədbirdə 10 azərbaycanlı və 26 gürcü rəssamın əsərlərinə baxış keçirilib.

Tədbiri Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktor müavini Mirian Xoşitaşvili açıb. Sərgidə Tflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili, Beynəlxalq Yoldaşlıq Assosiasiyasının idarə heyətinin sədri Tamar Asanişvili, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının vitse-prezidenti, rəssam Alı İsayev və başqaları çıxış edərək sərgi haqqında ürək sözlərini bildiriblər.

Sərgidə azərbaycanlı rəssamlardan Rizvan İsmayılov, Alı İsayev, Sevda Əbilova, Günel Rzayeva, Levan Mosiaşvili, Andria Natsvlişvili və başqalarının rəsm əsərləri nümayiş olunub. Rəssamlardan din adamları Hacı Rizvan İsmayılovun və Andria ATA-nın (Natsvlişvili), gənc rəssam Günel Rzayevanın əsərləri sərgi iştirakçılarının diqqətini daha çox cəlb edib.

Tədbirin sonunda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili sərgiyə qatılan 17 rəssamı diplomlarla təltif ediblər.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib. Sərgidə Gürcüstan hökumətinin rəsmiləri, parlament nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Gürcüstan Rəssamlıq İttifaqının üzvləri, görkəmli incəsənət xadimləri, jurnalistlər və Tiflis sakinləri iştirak ediblər.

Sərgi martın 22-dək davam edəcək.

Gürcüstan Rəssamlar İttifaqının sədri Tsisana Mçedlidze APA-ya açıqlamasında deyib: "Biz bu günlərdə hazırda fəaliyyət göstərən 700 rəssamın əsərlərindən ibarət antologiya nəşr etmişik. Bu kitabda yerli azərbaycanlı rəssamlardan da söhbət açılıb. Biz Gürcüstan rəssamlığının 80 illik yubileyinə həsr olunan daha bir maraqlı kitab da nəşr etmişik. Bu kitaba 80 il ərzində rəssamlıq sənəti ilə məşğul olan görkəmli sənətkarların əsərləri daxil edilib”.