Tiflisdə tanınmış Azərbaycan rəssamının sərgisi açılıb - FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Noyabrın 11-də Tiflisdə fəaliyyət göstərən TBC qalereyasının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Əliyar Əlimirzəyevin 18 rəsm əsərindən ibarət sərgisinin açılışı olub.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə Gürcüstanın görkəmli rəssamları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, gürcü və azərbaycanlı jurnalistlər, həmçinin səfirliklərin əməkdaşları iştirak ediblər.

Tədbirdə nümayiş olunan rəsm əsərləri gürcü rəssamlarının ciddi marağına səbəb olub. Sərgi iştirakçıları azərbaycanlı rəssamın qeyri-adi bir mövzuya müraciət etdiyini və məhz buna görə də rəssamın yaratdığı rəsm əsərlərinin və heykəllərin fəlsəfi məna kəsb etdiyini bildiriblər. Tədbirdə sərgi iştirakçılarına rəssam Əliyar Əlimirzəyevin yanicə nəşr olunan kataloqu təqdim edilib.

Rəssam Ə. Əlimirzəyev APA-ya açıqlamasında sərginin noyabrın 27-dək davam edəcəyini bildirib: "Əsərlərimin sərgisi ilk dəfə iyul ayında Avropa Oyunları ərəfəsində "Qız Qalası" qalereyasında keçirilib. Bakıda sərgim keçiriləndə TBC qalereyasının rəhbərliyindən təklif aldım ki, Tiflisdə sərgimi təşkil edək", rəssam vurğulayıb.

Rəssam qeyd edib ki, onun rəsm əsərlərinin sərgisi Fransada, Rusiyada, Avstriyada və Danimarkada baş tutub, Moskva və Parisdə fəaliyyət göstərən muzeylər isə onun əsərlərini alıblar.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva APA-ya açıqlamasında Azərbaycanın əməkdar rəssamı Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət sərgisinin ilk dəfədir ki, Tiflisdə təşkil olunduğunu bildirib: "Biz bu sərgi üçün Bakıda və Tiflisdə fəaliyyət göstərən "Qız Qalası" və TBC qalereyalarının rəhbərlərinə təşəkkürümüzü bildiririk. Bu sərgi əsl incəsənət nümunələrinin nümayişidir. Məhz buna görə də sərgi iştirakçılarının sevincini və təəccübünü hiss etdik.Çünki rəssamın müraciət etdiyi mövzular mücərrəd, fəlsəfi və qeyri-adi mövzulardan ibarətdir. Biz azərbaycanlı rəssamın Gürcüstandakı bu uğuruna sevinirik," S. Ağayeva qeyd edib.