Bakıda gürcü rəssamın fərdi sərgisi açılacaq

Noyabrın 7-də Müasir İncəsənət Muzeyində gürcü rəssamı Mamuka Tsetsxladzenin

“Postcard” adlı fərdi sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Postcard” - şəhərlərin, evlərin, parkların, fəvvarələrin, küçələrdə gəzən insanların, tramvayların, gəmilərin, təyyarələrin, müxtəlif istiqamətlərdən görünüşü, müxtəlif zamanların hərəkətliliyi və ya səssizliyini əks etdirir. Bu əsərlərdə rəssamın uşaqlıqda və indi gördüyü tanış olan və olmayan şəhərlərin mənzərələri öz əksini tapıb.

Tanınmış gürcü rəssamı Mamuka Tsetsxladze 1960-cı ildə Tiflisdə anadan olub. 1986-cı ildə Gürcüstan Rəssamlıq Akademiyasını bitirib.

M.Tsetsxladzeni Azərbaycanda çox yaxşı tanıyırlar. O, dəfələrlə öz əsərlərini Bakıda nümayiş etdirib. Qırx il bundan əvvəl, hələ 13 yaşında olarkən, Mamuka Bakıda olub və qədim şəhərə vurulub.

Bu gün Mamuka Tsetsxladze nəinki öz vətənində, eləcə də bütün dünyada məşhurdur. Onun əsərləri ən tanınmış muzeylərin kolleksiyalarında saxlanılır, sərgiləri isə dəfələrlə Almanya, Macarıstan, Fransa, İtaliya və digər ölkələrdə keçirilib. Ən sevimli “Şəhərlər” silsiləsinə 50 kətan əsər daxildir. Sənətkarın əsərləri sanki müasirlikdən öz geniş ekspressiv stili ilə zamanın sakit keçmişinə bir pəncərə açır.

Qeyri-adi rəng kontrastları, sürətli rəngkarlıq yaxmalarının növbələşməsi Mamuka Tsetsxladzenin urbanistik mənzərələrinə “dərhallıq” hissi gətirir, sanki, bu anı, səmanın, binaların, fabriklərin kiçik keçid məqamlarını canlandırmağa tələsən rəssamın real mövcudluğudur.

Belə təəssürat yaranır ki, elə bil rəssam Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra əlində boyalar və etüdnik ilə zaman maşınına atılır. Gözlənilməz kompozisiya rakurslu və kolorit baxımdan emosional, təravətli əsərlər xüsusi ilhamla doludur.

Mamuka Tsetsxladzenin mənzərələrinin özünəməxsus üslubu seyrçiləri dərin düşüncələrə sövq edir. Bu düşüncələr seyrçini maneəsiz addımlayaraq bədii reallıqla dolu sehrli aləmə aparır.

Altmışıncı illərin mənzərələrinin qəhrəmanları olan Tbilisi, Moskva, Bakı, Paris, Səmərqənd və digər coğrafi nöqtələr bəzən qeyri-adi, gözlənilməz bədii təqdimatda çıxış edir.