Qax teatrı Gürcüstana qastrola yola düşüb

alt

Qax Dövlət Kukla Teatrı mayın 3-dən 9-dək Gürcüstanın Marneuli rayonunda qastrolda olacaq.

Bu barədə AZƏRTAC-a teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, qastrol səfəri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun həyata keçirilir.

Səfər zamanı teatrın yaradıcı kollektivi Marneuli şəhərində və rayonun kəndlərində soydaşlarımıza Hilal Həsənovun əsəri əsasında hazırlanmış “Üç keçi balası və canavar” tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədovdur. Tamaşada əsas rolları teatrın aktyorları Zaur Paşazadə, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova ifa edəcək.

Gürcüstandan qayıtdıqdan sonra isə Qax teatrı mayın 12-dən 15-dək Balakən rayonunda qastrol səfərində olacaq.

Hazırda teatrda, eyni zamanda, Əli Səmədlinin “Artıq tamah baş yarar” tamaşası üzərində məşqlərə başlanılıb. Tamaşa iyunda balacalara təqdim olunacaq.