Kəlağayı Tiflisdə nümayiş olundu

altGürcüstanın paytaxtında Beynəlxalq Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə “Qış sərgisi” adlı xeyriyyə yarmarkası keçirilib.

ANS TV-nin məlumatına görə, Tiflisdə fəaliyyət göstərən 23 xarici ölkənin diplomatik nümayəndəliklərinin qatıldığı yarmarkada iştirakçılar ölkələrini milli yeməkləri, məhsulları, eləcə də sənətkarlıq nümunələrilə tanıtmağa çalışıblar. Azərbaycanın bu ölkədəki səfirliyi də xeyriyyə məqsədilə yanaşı xarici vətəndaşların ölkəmizin mədəniyyəti, tarixi və mətbəxilə tanış ola bilmələri üçün ayrıca guşə yaradıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin ataşesi Samirə Ağayeva sərgidə UNESCO-nun bu yaxınlarda siyahıya saldığı Azərbaycan kəlağayılarını da burda nümayiş etdiririk: “Digər suvenirlərimiz vardır, həmçinin yeyinti məhsulları, Azərbaycan çayı, Azərbaycan şərabları, konyakları satışa çıxarılmışdır. Onu deyə bilərəm ki, stendimizə çox böyük maraq var”.

Bu maraq Azərbaycan mətbəxindən Şah plov və dolmanın, müxtəlif təlamların, soyuq qəlyanaltıların satışının təşkil olunduğu masada da hiss olunurdu.

Qonaq Tamuna Qurçaninin sözlərinə görə, Azərbaycan mətbəxini çox sevir: “İlk dəfə Bakıda dadmışam plovu. Bilmirdim ki, sizin mətbəxdə bu qədər çeşid var. Sərgiyə daxil olanda əvvəl bir şey yemək barədə düşünmürdüm. Amma plovu görəndən sonra mütləq yeyəcəm dedim”.

Yarmarkada iştirak edən ölkələr arasında milli geyimləri, adət-ənənələrilə türkdilli ölkələrin özünə daha çox diqqət çəkdiyini aydın görmək olurdu.

Türkiyəli iştirakçılar da öz ölkələrini bir sıra sənət nümunələrilə təmsil edirlər. Bunların arasında qonaqların ən çox diqqətini çəkən isə türklərin dili ilə desək yazı sənətidir.

Hər il təşkil olunan “Qış sərgisi”ndə müxtəlif ölkələrin diplomatlarını, Gürcüstan hakimiyyətinin rəsmilərini və iş adamlarını da görmək mümkündür. Məhsulların satışından əldə edilən vəsait isə xeyriyyə məqsədilə istifadə olunur.