Tbilisi səhnəsində "İlahi oyun" tamaşası oynanılıb

altSentyabrın 3-də Tiflisdəki Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində Azərbaycanın Akademik Milli Dram Teatrının kollektivi “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Azərbaycanın Əməkdar artistləri Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış ediblər. "İlahi oyun" əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Əsər Dədə Qorqud dastanında verilən qədim danışıq dili ilə nümayiş etdirilib.

Tamaşa sentyabrın 20-də başlanan VI Tiflis Beynəlxalq Teatr Festivalı çərçivəsində göstərilib. Əməkdar artist Vidadi Həsənov APA-ya açıqlamasında "İlahi oyun" tamaşasının bir il bundan əvvəl hazırlandığını və bu əsərin premyerasının ilk dəfə min nəfərlik Konya festivalında keçirildiyini bildirib: "Bu gün oynadığımız tamaşa ilk dəfə olaraq Tiflis səhnəsində oynanılır. Çox məmnunam ki, tamaşaçılar aktyorlarımızın peşəkarlığını dəfələrlə alqışladılar. Bu, bizim əməyimizə verilən ən yüksək qiymətdir."