Azərbaycan “Eurovision-2014”də finala vəsiqə qazanıb

altDanimarkanın paytaxtı Kopenhagenin “B and V” arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar. Sonra “Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olmuş Emmelie de Forest ona qələbə qazandıran “Only teardrops” mahnısını uşaqlarla birgə təqdim edib.

16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Ermənistan təmsilçisi Aram MP3, daha sonra Latviyanın “Arzemnieki” qrupu, Estoniya müğənnisi Tanja, İsveçdən Sanne Nielsen, İslandiyadan “Pollapönk” qrupu, Albaniyadan Hersi Matmuja, Rusiyadan “Tolmaçova bacıları”, Azərbaycan təmsilçisi Dilarə Kazımova, ukraynalı Mariya Yeremçuk, Belçikadan Aksel Hirsoks, moldovalı Kristina Skarlat, San Marinodan Valentina Monetta, portuqaliyalı Suzi, Niderlanddan “Kommon Linnets” qrupu, Monteneqronun Sergey Çetkoviç, Macarıstandan Andras Kallay Saunders öz ifalarını təqdim ediblər.

Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb.

Bunlar Azərbaycan, Rusiya, Ermənistan, Monteneqro, Macarıstan, San Marino, Ukrayna, İsveç, Hollandiya və İslandiyadır.

Müsabiqənin birinci yarımfinalı dünyanın 45-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Müsabiqənin II yarımfinal mərhələsi mayın 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.