Marneulidə görkəmli ictimai-siyasi xadim Ayvaz Həsənovun xatirəsi yad olunmuşdur

alt

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində görkəmli ictimai-siyasi xadim Ayvaz Həsənovun anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov tədbirdə A.Həsənovun həyat və fəaliyyətindən söhbət açmış, ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş hərc-mərclik dövründə onun xalqın müdafiəsinə qalxdığını və ölkədə ayrı-seçkilik toxumu səpməyə, azərbaycanlıları doğma yurdlarından didərgin salmağa cəhd göstərənlərə qarşı haqq səsini ucaltdığını bildirmişdir.
Qeyd edilmişdir ki, A.Həsənov gördüyü xeyirxah işlərlə yaddaşlarda əbədiləşmişdir. Marneuli şəhərində böyük bir küçəyə onun adı verilmiş, doğma kəndində onun büstü ucaldılmışdır.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Ayvaz Həsənovun dövlət, xalq qarşısındakı böyük xidmətlərini vurğulamış, onun ömür yolunun gənclərə örnək olduğunu qeyd etmişdir.
Gürcüstanın sabiq kənd təsərrüfatı naziri Bakur Qulua Ayvaz Həsənovun həmişə xalqına başucalığı gətirdiyini, yüksək vətəndaşlıq nümunəsi göstərdiyini bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, A.Həsənov yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. O, dəfələrlə yüksək dövlət mükafatlarına layiq görülmüşdü.
Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, Marneuli rayonunun Sadaxlı kəndindəki 2 nömrəli məktəbin direktoru Adil Şərifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları alim, təcrübəli təsərrüfatçı, vətənpərvər, qayğıkeş ailə başçısı A.Həsənovun xatirəsinin daim əziz tutulacağını qeyd etmişlər.
Sonda Ayvaz Həsənovun oğlu Dursun Həsənov atasının xatirəsini əziz tutanlara ailə üzvləri adından minnətdarlığını bildirmişdir.