“İslam modernləşdirilməlidir” – Şərqşünas alim

alt“İslam dinində müxtəlif məzhəblərə qulluq etməyin dövrü keçib”. Bunu AzNews.az-a Şərqşünaslıq İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva bildirib. Onun sözlərinə görə, bu gün müxtəlif təriqət, məzhəblər arası ayrı-seçkilik etmək müsəlman aləmini parçalamağa yönəlmiş meyllərdir: “Mən dində məzhəb, təriqətçiliyi qəbul etmirəm və bu kimi halları pisləyirəm. Müsəlman-müsəlmana qarşı necə təhqiramiz söz deyə bilər? Düzgün deyil və hesab edirəm ki, bu geridə qalmışlığın əlamətləridir”.

G.Baxşəliyeva əlavə edib ki, vəhhabilik - Məhəmməd Peyğəmbərin bizə qoymuş İslamın təhrif olunmuş formasıdır: “Onları istəyirlər ki, hər bir müsəlman ilkin islama qayıtsın. Amma Peyğəmbər heç vaxt bunu deməmişdir və vəhhabilər özləri Peyğəmbərin fikirlərini təhrif edirlər. Hesab edirəm ki, bu əsrdə, əvvəlki əsrlərin qayda-qanunla yaşamaq düzgün deyil. Hər şey modernləşdiyi kimi, İslamda da müəyyən qaydaların müasir dövrə adaptasiyası vacibdir”. 

Şərqşünas alim bu gün islam aləmi ilə xristian aləminin inkişafı arasında çox böyük fərqin olduğunu da qeyd edib: “Xristian aləmi niyə çox inkişaf edib? Bunun əsas səbəbi xristian dininin qanunları müasir dövrün cəmiyyətin ictimai, siyasi, mədəni inkişafına uyğunlaşdırılmasıdır. Bu gün ona görə də, xristian dini, islam dinindən fərqli olaraq cəmiyyətin inkişafında tormoza çevrilmədi. Çox təəssüf ki, müsəlman aləmində bu inkişaf hələdə istənilən səviyyə çatmayıb. Müsəlman aləminin geriliyi bu gün dinin cəmiyyətə uyğunlaşdırılmamasındadır”.