Heydər Əliyev Mərkəzində ABŞ-ın “Kosmosa səyahət” sərgisinin dünya premyerası keçiriləcəkdir

altNoyabrın 22-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin dünya premyerasının açılışı olacaqdır.
Mərkəzdən AzərTAc-a verilən məlumata görə, fəzanın fəth tarixini - insanların ta qədimlərdən səma barədə xəyallarını, kosmosla yarım əsrlik tanışlıq müddətindəki yenilikləri əks etdirən bu sərgi Heydər Əliyev Mərkəzində 3500 kvadratmetr sahədə təşkil ediləcəkdir. Sərgidə yüzədək eksponat nümayiş olunacaqdır. Bunların sırasında kosmik stansiyalar, kosmosa gedib gəlmiş və digər planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. vardır.
Burada uşaqdan böyüyədək hər bir ziyarətçinin kosmosa qiyabi səyahət imkanı olacaqdır. Sərgidəki 6 fərqli simulyator vasitəsilə izləyicilər özlərini qısa müddətdə də olsa “fəza”da kosmonavt kimi hiss edə biləcəklər.
İlk dəfə nümayiş olunan eksponatlarla yanaşı, sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olacaqdır. Ziyarətçilər burada Azərbaycanın ilk süni peykinə dair məlumatlar, maketlər barədə informasiya əldə edə biləcəklər.