Dövlət Bayrağı Günü Gəncədə də təntənə ilə qeyd edilmişdir

altDövlət Bayrağı Günü Gəncədə də təntənə ilə qeyd edilmişdir. Səhər tezdən Bayraq Meydanına toplaşan şəhər sakinləri burada dalğalanan, müstəqilliyimizin əsas atributlarından olan üçrəngli Azərbaycan bayrağını qürur və sevinc hissləri ilə seyr etmişlər.
AzərTAc xəbər verir ki, Dövlət himni səsləndirildikdən sonra meydan əsgərlərə və məktəblilərə verilmişdir. Hərbçilər Azərbaycan bayrağını çiyinlərində meydandan keçirdikdən sonra məktəblilər marş sədaları altında mətin addımlarla tədbir iştirakçılarının qarşısına çıxmışlar.
Sonra bayram tədbiri Bayraq Meydanında davam etdirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılmışdır. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanmışdır. Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan E.Vəliyev qeyd etmişdir ki, dünyada ən hündür bayraq dirəyi məhz Azərbaycanda, Bakıda ucaldılmış, bayraq muzeyi yaradılmışdır.
Sonra şəhərin musiqi kollektivləri Vətənə, müstəqilliyə həsr olunmuş xüsusi proqramla tədbir iştirakçıları qarşısında çıxış etmişlər.