İsraildə əslən Azərbaycandan olan rəssamların sərgisi böyük müvəffəqiyyətlə keçirilmişdir

İsraildə əslən Azərbaycandan olan israilli rəssamların Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşkilatçılığı ilə keçirilmiş sərgisi başa çatmışdır.
“Azİz” Assosiasiyasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, rəssamların Afula şəhərinin Mədəniyyət Sarayında təşkil edilmiş sərgisi Azərbaycanın müstəqilliyinə həsr olunmuş və İsraildə Azərbaycan Günləri çərçivəsində keçirilmişdir. Sərgini ilk görənlər Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş təntənəli konsertin iştirakçıları olmuşlar.
İstedadlı rəssamların sevgi dolu işləri ifadəliliyi və gözəlliyi ilə sənət xiridarlarının diqqətini cəlb etmişdir.
Sərgidəki bütün əsərləri xüsusi Şərq hərarəti və hazırda İsrail vətəndaşı olan, doğulduqları torpağa, Azərbaycan torpağına bağlılıqlarını itirməyən insanların bakılılara xas olan bənzərsiz səmimiyyəti birləşdirmişdir. İsrailin şimalında məskunlaşmış Boris Salkoviçin işlərində təsvir olunan İçərişəhərin dar küçələri, eləcə də onun “Narlar” və “Qız qalası” əsərləri çoxsaylı tamaşaçıların diqqətini cəlb etmişdir. Rəssam Larisa Şaturanın “Lalələr”i təkrarsız təsirə malik zərifliyi ilə tamaşaçıları cəlb etmişdir. Rəssam Ninel Şaxovanın “Yasəmənlər” və nikbin bahar romantizmi ilə dolu digər işləri əsrarəngiz ahəng yaratmışdır.