Tbilisidə fəaliyyət göstərən “Ceyran” folklor-rəqs ansamblının üzvü Almaniyada keçiriləcək festivala dəvət alıb

altGürcüstanda fəaliyyət göstərən gənc azərbaycanlı oğlan və qızların üzv olduğu “Ceyran” folklor-rəqs ansamblının rəqqasəsi Naira Paşayeva Gürcü-Alman Klassik Musiqi Assosiasiyasının dəvəti ilə Almaniyaya dəvət alıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Mədəniyyət Və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə muzeyin nəzdində fəaliyyət göstərən musiqi studiyasının üzvü və “Ceyran” folklor-qəqs ansamblının rəqqasəsi Naira Paşayeva Almaniyaya yola düşüb. İfaçı noyabrın 1-4-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək “Qızıl Klaviş” festivalında iştirak edəcək.

ARDNŞ-ın maliyyə dəstəyi ilə Almaniyaya yola düşən gənc rəqqasə APA-ya açıqlamasında Almaniyada keçiriləcək festivalda Azərbaycanın qədim rəqslərini nümayiş etdirəcəyini bildirib: “Çox sevinirəm ki, Almaniyada Gürcüstanı və Azərbaycanı təmsil edirəm. Bu tədbirdə “Sarı gəlin” və “Turacı” adlı Azərbaycan xalqının qədim rəqslərini ifa edəcəyəm. Bunun üçün ciddi hazırlaşmışam”.