Folklor paytaxtı Zaqatalada Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilmişdir

altZaqatala rayonu 2013-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunmuşdur. Folklor ili çərçivəsində Zaqatalada növbəti tədbir - “Xalq sənəti, el təranələri” Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, Zaqatala Rayon İcra Hakimiyyəti və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində yerli kollektivlərlə yanaşı, Balakən, Qax, Masallı və Şamaxı rayonlarından gəlmiş folklor və rəqs kollektivləri də iştirak etmişlər.Qeyd olunmuşdur ki, qədim tarixi abidələri, fauna və florası, ətirli çayı, qızılgülü ilə məşhur olan Zaqatala etnik baxımdan da zəngin diyardır. Burada 20-dək xalqın nümayəndəsi yaşayır. Əsrlər boyu birgə yaşayış buradakı mədəni irsi daha da zənginləşdirmiş, xalq sənətinin inkişafına təkan vermişdir. Müxtəlif xalqların folklor və xalq yaradıcılığı nümunələri bu gün də yaşadılır, qorunur, inkişaf etdirilir.
Bayram tədbirində iştirakçı rayonların folklor və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin sonunda kollektivlərə rayon icra hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.