Romada "Nizami Gəncəvi dünyasının rəngləri" adlı sərginin açılışı olub

altRomanın "Galleria d'Arte Consorti" sərgi salonunda "Nizami Gəncəvi dünyasının rəngləri" adlı sərginin açılış mərasimi keçirilib.

Sərgidə gənc azərbaycanlı və italyan rəssamlar Şəhla Qəhrəmanova, Günay Həsənova, Nərminə Vəliyeva, İlariya Rezzi və Martina Donatinin Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr etdikləri rəsm əsərləri nümayiş etdirilib.

Azərbaycan-İtaliya Assosiasiyasının sədri Paola Kazaqrande sərginin açılış mərasimini açıq elan edərək Nizami Gəncəvi dünyası və gənc rəssamların rəsm işləri barəsində iştirakçılara ətraflı məlumat verib, ölkələrimiz arasında mədəni əlaqələr və keçirilmiş çoxsaylı tədbirlər haqqında danışıb.

Mərasimdə çıxış etmiş Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə həyata keçirilmiş mühüm islahatlar və uğurlu xarici siyasətin nəticəsində bu gün ölkəmizin güclü və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Cənubi Qafqazda lider ölkəyə çevrildiyini qeyd edib.