Eldar Namazovun Milli Şuradakı davası: “Əli Kərimli niyə bəyanat vermir?”
Son günlər “El” Hərəkatı ilə Milli Şura rəhbərliyi arasında ciddi gərginliyin olduğu artıq təsdiqlənmiş faktdır. Bu barədə Hərəkat üzvləri özləri də mətbuata açıqlamalar veriblər. Hətta “El”in sədr müavini Köçəri Nağıbəyli MŞ üzvü olduğu halda, qurumun vahid namizədi Cəmil Həsənlini yox, “ReAl” sədri İlqar Məmmədovu dəstəkləməklə bağlı çağırış edib.
Müsavat Partiyasının qərargahında “El” sədri Eldar Namazovla İsa Qəmbər, Cəmil Həsənli və Arif Hacılı arasında görüş keçirilsə də, hələ də iki qurum arasındakı narazılıq aradan qaldırılmayıb.
Məsələnin kökündə yatan əsl səbəbin nə olduğu ilə bağlı “El” Hərəkatındakı mənbələrdən AzNews.az-a daxil olub. Mənbə bildirir ki, bütün bu narazılıqların kökündə yatan ən əsas səbəb Azərbaycan Xalq Cəbhəsi Partiyasının “El” Hərəkatı sədrinin və üzvlərinin Baş Prokurorluğa çağırılması ilə bağlı məsələ barədə bu günə qədər heç bir bəyanat verməməsidir. Məlumata görə, Eldar Namazov prokurorluğa çağırıldığı ilk gün AXCP-dən də bəyanat gözləsə də, partiya bu məsələdə susqunluq nümayiş etdirib. Sonrakı günlərdə isə Müsavat, Milli Şura və Cəmil Həsənli adından ayrı-ayrı müdafiə xarakterli bəyanatlar verilsə də, AXCP “El” Hərəkatı ilə bağlı yaşananlara sona qədər susqun qaldı.